Назад к списку

Commercial secrecy in labor relations

Giriş 


Bu yazıda iş yerində kommersiya sirrinin yayılmasının qarşısının alınması üzrə tətbiq edilməsi tövsiyə edilən tədbirlərə, kommersiya sirrinin yayılmasına görə işçilərin məruz qala biləcəyi məsuliyyət tədbirlərinə, işəgötürənin risklərinə diqqət çəkilmişdir. 


Yazının ilk hissəsi anlayışları və praktikada rast gəlinən halları, preventiv tədbirləri, ikinci hissəsi isə qanunvericiliyin təfsirini, baş vermiş pozuntu hallarında edilməli olan hərəkətləri əhatə edəcəkdir.


Kommersiya sirri nədir? 


Problemli məqamların tədqiqi, mühafizə tədbirlərinin əhatəsindən məlumat vermədən öncə anlayışlara tərif vermək lazımdır. Kommersiya sirri anlayışı Azərbaycan Respublikası qanunvericiliyində sahəvi qanunla tənzimlənmişdir. “Kommersiya sirri haqqında” qanuna istinadən “kommersiya sirri” dedikdə, hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar başa düşülməlidir. Müqayisəli olaraq digər ölkə qanunvericiliklərinə nəzər salsaq, görə bilərik ki, kommersiya sirri üçün xüsusi qanun tənzimləməsi çox da rast gəlinən hal deyildir. Bu anlayışı daha çox Əqli mülkiyyət hüququnu əhatə edən sahəvi qanunlar tənzimləyir.


Amerika hüququna görə kommersiya sirri məlum olmadığına görə faktiki və ya potensial müstəqil iqtisadi dəyəri olan, qanuni şəkildə əldə edilməsinin mümkünsüzlüyü səbəbilə başqa tərəflər üçün dəyərli olan və məxfiliyinin qorunması üçün ağlabatan cəhdlər göstərilən məlumatlardır. [1] Hər hansı məlumatın müxtəlif hissələri (parçaları) ictimaiyyətə məlum ola bilər, ancaq o kiçik məlumatların birləşməsindən yaranan yeni bir məlumat kommersiya sirrini təşkil edə bilər və bu bütöv məlumatın ümumilikdə ictimaiyyətə məlum olmayan mahiyyəti həmin məlumatın kommersiya sirri təşkil etməsi üçün kifayətdir. [2] Buna bənzər anlayışları həm lokal qanunvericilik aktlarında, həm də beynəlxalq hüquq səviyyəsində rast gəlmək olar (Baxın: Trade Related Aspects of Intellectual Property Rights (TRIPS), Maddə 39) Türkiyə qanunvericiliyi bu anlayışı daha ətraflı təsnif edib və fəaliyyət planları, strategiyalar, investisiya planları, marketinq siyasətlərini də bu anlayışın altında birləşdirmişdir. [3] Hər bir sahibkar razılığı olmadan yayılmasını istəmədiyi, məxfi saxlamaq niyyətində olduğu müəyyən məlumatlara sahibdir. Belə məlumatlara əsasən biznes ideyaları, müştərilərlə münasibətlərə dair məlumatlar, işçilərin fərdi məlumatları, müqavilə tərəflərinin, kontragentlərin məlumatları, müqavilə ilə qarşı tərəflərə verilmiş məxfilik təminatları, maliyyə qeydləri və digər kommersiya sirləri aid edilir. Mövcud dünya və bazar şərtlərində kommersiya sirrini sahibkarın ən dəyərli aktivlərindən biri hesab etmək olar.


Kommersiya sirrinin yayılması və yayılmanın qarşısının alınması


“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “kommersiya sirrinin yayılması” dedikdə müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması başa düşülməlidir. Yəni, şəxs (konfident) kommersiya sirri sahibinin məlumatlarını hər hansı üçüncü tərəflə paylaşaraq onun “ictimai olaraq məxfi” statusunu (rejimini) məlumatın sahibinin iradəsindən kənar dəyişilməsinə səbəb olursa, həmin məlumat öz “sirr” mahiyyətini itirir.


Kommersiya sirrini təşkil edən məlumatları qorumaq üçün sahibkar formal (hüquqi) və praktiki olmaqla iki formada tədbirlər planı formalaşdıra bilər.


Formal hərəkətlər təcrübədə əmək müqavilələrinə məxfilik bəndinin daxil edilməsi, vəzifə təlimatlarının yazılması və ya əmək müqaviləsinə məxfilik haqqında razılaşma əlavəsinin edilməsidir. Bu addımlar hər zaman effektli deyildir. Sahibkar bu hissədə özünü sadəcə hüquqi baxımdan sığortalayır. Bəzən işçilər, ümumiyyətlə, məşğul olduqları məlumatların kommersiya sirri olduqlarına dair məlumatsız olurlar. Formal olaraq müqaviləyə bəndin əlavə edilməsi sahibkarları hüquqi olaraq sığortalasa da, faktiki olaraq risklərdən qorumur.Praktiki addımlara isə hər bir işçinin korporativ noutbuk və telefonla təmin edilməsi, işçilərə məxfi məlumatlara (kommersiya sirri) dair təlimlərin keçirilməsi, əlaqəli siyasətlərin (Misal üçün: Təmiz Masa Siyasəti, Məlumatlardan İstifadə Siyasəti və s.) qəbul edilməsi, qəbul edilən siyasətlərə dair ayrı-ayrılıqda təlimlərin, ən azından elektron vasitələrlə izahların təqdim edilməsi aid edilə bilər. Bu kimi reqlamentlər işçilərin daha diqqətli olmasına, işlədiyi məlumatlardan daha səliqəli istifadə etməsinə səbəb olur.


İşçilərin kommersiya sirri ilə rəftarı və kommersiya sirrini yayması   


Əmək qanunvericiliyi öz imperativ normaları ilə seçilməkdədir. Belə ki, işçinin vəzifə öhdəliklərinin pozuntusu kimi qiymətləndirilməyə əsas verməyən səbəblərdən işdən çıxarılması, əsasən, işçilərin məhkəmələrdə işə bərpa iddialarının təmin edilməsilə nəticələnə bilir. Məlum olduğu kimi, biznes fəaliyyətinin tərkib hissəsi kimi müəyyən kateqoriya işçilərə sahibkarın kommersiya sirləri ilə işləməyə icazə verilməsi qaçınılmazdır. Kommersiya sirlərinə əlçatanlığı olan hər bir işçi əmək fəaliyyətinin bir hissəsi olaraq məxfi hesab edilən məlumatlarla tanış olmaq və onlardan istifadə edə bilmək imkanına malikdir. Kommersiya sirrinə sahibkarın icazəsi ilə əlçatanlığı olan işçi tərəfindən və ya belə icazəsinin olmamasına baxmayaraq hər hansı yolla kommersiya sirri hesab edilən məlumatları əldə edən işçi tərəfindən sahibkarın iradəsinə və qanuni maraqlarının zidd olaraq belə məxfi məlumatların yayılması halında işçinin dərhal işdən çıxarılması barəsində qərar verilməsindən öncə risklərin düzgün qiymətləndirilməsi adına hüquqşünas və insan resursları üzrə mütəxəssis ilə məsləhət edilməsi tövsiyə edilir. İşçinin əmək müqaviləsinə, vəzifə öhdəliklərinə, şirkətdaxili reqlament və təlimatlara nəzər yetirmək zərurəti yarana bilər. İşdən çıxarma üçün ilkin və əsas addımlar faktı təsdiq etmə məqsədli sənədləşdirmənin aparılması, zəruri izahatların alınması, əsaslandırılmış əmrin qəbul edilməsidir.


Kommersiya sirrinə dair müddəalar əmək qanunvericiliyində də təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq işçilərin əsas vəzifələridir. [4] Əlavə olaraq Əmək Məcəlləsinə əsasən, istehsal və kommersiya sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. [5] Bunların fonunda nəzərə almaq lazımdır ki, işçi ilə kommersiya sirri yalnız onun razılığı əsasında paylaşıla bilər. [6] Ona görə də bütün yükü əmək qanunvericiliyinə atmaqdansa, əmək müqaviləsi və ya əlavə razılaşma ilə kommersiya sirrini təşkil edən məlumatların rejimini və riayət edilməsini öhdəlik kimi müəyyənləşdirməklə ehtimal olunan risklərə münasibətdə daha təhlükəsiz qorunmanı təmin etmək mümkündür.


Eyni zamanda əmək müqaviləsinə xitam verilsə belə, işçi konfidenti olduğu məlumatı kommersiya rejimi işəgötürən tərəfindən dəyişdirilənədək məxfi saxlamağa borcludur. [7]


Nəticə


Yuxarıda sadalanan qanunvericilik istinadları kommersiya sirrinin yayılması hallarını kobud pozuntu olaraq şərh etsə də, sahibkar hər bir halda rəsmiləşdirmə və əsaslandırma məqamlarında diqqətli olmalıdır. İşçinin hansı şəkildə məlumatları əldə etdiyini, məlumatların yayılmasında niyyətinin nə olduğunu, qəsdin olub-olmamasını müəyyənləşdirməyə imkan verən faktlar düzgün qiymətləndirilməlidir. Kommersiya sirrinin yayılmasının onun sahibkarlıq fəaliyyətinə vurduğu zərərləri işdən çıxarılmaya dair əmrində əhatəli formada əsaslandırmalı, o cümlədən kommersiya sirrinə və ya məxfi məlumatlara dair reqlamentlərə, məxfilik razılaşmalarına istinad etməlidir.Ali Məhkəmənin Mülki Kollegiyasının 27.07.2021-ci il tarixli qərarında işçinin kommersiya sirrini yaydığı təsdiq edilsə belə, sahibkar tərəfindən əsaslandırmaların doğru edilməməsi səbəbilə onun qəbul etdiyi əmr ləğv edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işçinin işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi üçün istinad etdiyi halların (kommersiya sirrinin yayılması faktının) həqiqiliyi müəyyən edilsə belə, iddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün yetərli olmayacaqdır. Çünki işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. [8]


İstifadə olunan ədəbiyyat siyahısı:

[1] Metallurgical Industries v. Fourtek (1986) Westlaw 790, səh. 1195;(https://casetext.com/case/metallurgical-industries-inc-v-fourtek-inc-2) 

[2] Uniform Trade Secrets Act (https://www.uspto.gov/ip-policy/trade-secret-policy); 

[3] İşletmecilere Ait Ticari Sırların korunması ile kamuoyuna açıklanabilecek bilgilerin yayımlanmasına ilişkin usul ve esaslar hakkında yönetmelik;(https://www.mevzuat.gov.tr/File/GeneratePdf?mevzuatNo=13079&mevzuatTur=KurumVeKurulusYonetmeligi&mevzuatTertip=5) 

[4] Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin d bəndi(https://www.e-qanun.az/framework/46943); 

[5] Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin d bəndihttps://www.e-qanun.az/framework/46943; 

[6] Kommersiya sirri haqqında Azərbaycan Respublikası qanununun 10-cu maddəsi(https://www.e-qanun.az/framework/2861); 

[7] Kommersiya sirri haqqında Azərbaycan Respublikası qanununun 11-ci maddəsi(https://www.e-qanun.az/framework/2861);

[8] Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.07.2021 tarixli, 2(102)-3165/2021 saylı qərarı(https://sc.supremecourt.gov.az/storage/Mulki/2021/2_3165+27.07.2021.pdf).

icon - /uploads/s/f/k/z/fkzirgtafsq5/file/full_6QEXO1Dt.svg
phone
location
AZ1014, Baku, Azerbaijan, 37 Fuzuli str., Park View Business Center, 5th
email
 
© 2023 Turan Legal and Tax Services LLC.