Назад к списку

Right to be forgotten

Abstract: The article begins with a description of the decision of the European Court of Justice on the application of the right to oblivion


 and the details of the case leading to that decision. This was followed by the definition and meaning of the right to be forgotten, and the 1995 EU Directive on the Protection of Personal Data (EC 95/46), which plays an important role in this area.In addition, the details of the European Court of Human Rights' 2014 decision, which explicitly establishes the right of a person to be forgotten on the Internet, and the General Data Protection Regulation (GDPR), which came into force on 25 May 2018, were reviewed.Finally, issues such as the importance of information posted on the Internet, as well as the right to demand the destruction of this information in domestic legislation and to apply for their transfer to the archive in accordance with Article 7.1.5 of the Law of the Republic of Azerbaijan "On Personal Data" were depicted.


Abstrakt: Məqalə Avropa Ədalət Məhkəməsinin unudulmaq hüququnun tətbiqinə dair məsələlərə aydınlıq gətirən qərarı və həmin qərarın qəbul edilməsinə aparan kazusun detallarının təsvirindən başlayır. Bundan sonra unudulmaq hüququ anlayışı və mənası, bu sahədə mühüm rol oynayan Fərdi Məlumatların Müfahizəsi haqqında Avropa İttifaqının 1995-ci il tarixli Direktivi (EC 95/46) barədə söz açılmışdır.Bundan başqa, internet mühitində şəxsin unudulma hüququnu əyani olaraq təsbit edən Avropa Məhkəməsinin 2014-cü il tarixli qərarı və 25 may 2018-ci il tarixində qüvvəyə minən Fərdi məlumtların qorunması üzrə ümumi qaydalarının (GDPR) detallarına nəzər salınmışdır.Son olaraq, internet məkanında yerləşdirilən məlumatların vacibliyi, eləcə də yerli qanunvericilikdə bu məlumatların məhv edilməsini tələb etmək və onların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək hüququnun “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1.5.-ci maddəsində göstərildiyi haqda danışılmışdır.


Bu ilin sentyabrın 24-də Avropa Ədalət Məhkəməsi unudulmaq hüququnun sərhədlərini müəyyən edən önəmli bir qərar qəbul etdi. Qərara əsasən axtarış sistemləri unudulmaq hüququ ilə bağlı tələblərə qlobal səviyyədə əməl etməli deyillər.Məsələ Fransa fərdi məlumatların mühafizə idarəsinin (CNIL) Google şirkətini 100 000 avro cərimə etməsi ilə başlamışdır. Səbəb Google-un unudulmaq tələbi ilə bağlı müraciətləri ifadə azadlığı hüququ ilə zidd olduğunu əsas gətirərək, bütün dünya üzrə olan alt domeynlərində axtarış nəticələrindən çıxarmamasıdır. Google bu tələblərin yalnız Avropa ərazisi üçün olduğunu iddia edir. Google bu cəza ilə razılaşmır və mübahisə Avropa Ədalət Məhkəməsinə uzanır.


Avropa Ədalət Məhkəməsi qərarında unudulmaq hüququ ilə bağlı tələblərin qlobal səviyyədə tətbiq olunmayacağını bəyan etdi. Məhkəmə fərdi məlumatların mühafizəsi üzrə tələblərin fərqli ölkələrin qanunvericiliklərində fərqli şəkillərdə təsbit olunduğunu əsas gətirir. Məhkəmə həmçinin qərarında göstərir ki, unudulmaq hüququ mütləq hüquq deyildir və bu hüquq digər hüquqlarla qarşılıqlı əlaqədə proporsionallıq prinsipini nəzərə alaraq balanslaşdırılmalıdır.[1] Məhkəmə mübahisəsi həm də Avropanın beynəlxalq texnologiya nəhəngləri üzərində nəzarət gücünün sərhədləri ilə bağlı mühüm əhəmiyyət daşıyırdı.


Unudulmaq hüququ – üstün bir ictimai maraq olmadığı hallarda şəxslərin keçmişləri barədə nüfuzlarına mənfi təsir göstərəcək məlumatların unudulmasını, başqalarının bilməməsini istədiyi fərdi məlumatların silinməsini və ya yayılmasının qarşısının alınmasının tələb edilməsi hüququ başa düşülür. İnternet məkanında unudulmaq hüququ dedikdə, məzmununda şəxsə aid fərdi məlumatların olduğu, arzuolunmayan internet səhifələrinə keçidlərin axtarış sistemlərindən silinməsi, nəticələrdə göstərilməməsi başa düşülür.Unudulmaq hüququna aid bir sıra normalar müxtəlif ölkələrin qanunvericiliyində, həmçinin Fərdi Məlumatların Müfahizəsi haqqında Avropa İttifaqının 1995-ci il tarixli Direktivində (EC 95/46) göstərilməsinə baxmayaraq, internet məkanında unudulmaq hüququ Avropa Ədalət Məhkəməsinin 2014-cü il tarixli qərarı əsasında geniş tətbiq olunmağa başlamışdır.


Belə ki, ispaniya vətəndaşı olan Mario Costeja Gonzalez müflis olduqdan sonra yenidən sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olmuşdur. Bu zaman o öz adı ilə internetdə axtarış verdikdə müflis olması ilə bağlı məlumatları əks etdirən xəbərlərin axtarış nəticələrində çıxdığını görmüşdür. Gonzalez bu halın onun gələcək fəaliyyətinə mənfi göstərəciyini əsas gətirərək xəbərlərin saytlardan silinməsini, həmçinin Google-dan öz adı ilə bağlı axtarış verdikdə axtarış nəticələrində həmin səhifələrin çıxmamasını tələb etmişdir. O bildirirdi ki, müflisolma, əmlakın satılması ilə əlaqədar bütün məsələlər artıq həll edilmişdir və bu xəbərlər artıq məqsədəmüvafiq deyildir. İspan məhkəmələri xəbərlərin qanuni faktlar əsasında yazıldığını əsas gətirərək onların xəbər saytlarından silinməsi tələbini rədd etmişdir. Google ilə olan mübahisə isə Avropa Ədalət Məhkəməsinə qədər uzanmışdır. Google mətbuatın xəbər almaq azadlığına, fikri ifadə etmək azadlığına və ictimaiyyətin xəbər almaq azadlığına istinad edərək silinmə barədə tələbi rədd edirdi.


Avropa Ədalət Məhkəməsi 2014-cü il tarixli qərarında (Google Spain SL and Google Inc. v. Agenda Espacola de Protecciyn de Datos (AEPD) and Mario Costeja Gonzalez (2014)) göstərmişdir ki, EU vətəndaşları adları ilə verilmiş axtarış nəticələrində artıq məqsədəmüvafiq olmayan məlumatlara keçidlərin axtarış nəticələrində göstərilməməsini tələb edə bilərlər. Beləliklə, məhkəmə internet mühitində şəxsin unudulma hüququnu əyani olaraq təsbit etmişdir.[2]


Qərar həmçinin a) axtarış sistemlərinin fərdi məlumatların operatoru kimi – fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən subyektlər kimi təsbit olunması və 2) ictimai və fərdi maraqların balanslaşdırılmasının axtarış sistemlərinin üzərinə qoyulması məqamlarında tarixi bir qərardır. Bu mənada diqqət edilməli məqam odur ki, axtarış sistemləri fərdlər barədə normal şərtlərdə toplanılması çətin və ya mümkün olmayan məlumatları toplu, cəm olaraq təqdim edə bilmək xüsusiyyətinə malikdir. Hansı məqamlarda bu cür tələblərin icrası olunması ilə bağlı ümumi tələblər olsa da, fərdi qaydada müraciətlərə şirkətlər özləri baxır və qərar verirlər. Nəticədə texnologiya nəhəngi Google və digər şirkətlər şəxslərin fərdi hüququları ilə ictimai-publik hüquqların toqquşması məqamlarında arbitr rolunda çıxış edirlər.


Məhkəmənin tələbi əsasında Google Avropa vətəndaşları üçün unudulma hüququ ilə bağlı müraciət edilməsi üçün xüsusi keçid yaratmışdır. Oxşar xidməti digər axtarış sistemləri də təqdim edir. Google həmçinin məlumat verir ki, 2014-cü iıdən bugünədək 3.3 milyon keçidin (URL) ləğv olunması ilə bağlı 845min müraciət olub və onların 45 faizi icra olunub.Unudulmaq hüququ daha sonra 25 may 2018-ci il tarixində qüvvəyə minən Fərdi məlumtların qorunması üzrə ümumi qaydaların (GDPR) bir sıra normalarında təsbit olunmuşdur. GDPR-ın 17-ci maddəsində unudulmaq hüququnun hansı hallarda tətbiq olunması ilə bağlı şərtləri sıralanmışdır: məsələn, məlumat artıq ilkin məqsədləri üçün lazımlı deyildir, məlumat sahibi icazəni geri çəkdikdə, məlumat qanuni əsaslarla əldə olunmadıqda və s.[3]


Nəzərə almaq lazımdır ki, bizim internet məkanında olan məlumatlarımız, həmçinin onlayn profillərimiz bizimlə bağlı ümumi reputasiyanın yaranmasında mühüm rol oynayır. Bu bizim birbaşa şəxsi və işgüzar həyatımıza, həmçinin digər vacib nüanslara təsir edə bilər. Axtarış sistemləri bu mənada mühüm rol oynayır. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1.5.-ci maddəsinə əsasən fərdi məlumatların subyektinin informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək hüququ vardır. 

Bibliography 

[1] https://curia.europa.eu/jcms/upload/docs/application/pdf/2019-09/cp190112en.pdf 

[2] https://curia.europa.eu/jcms/upload/docs/application/pdf/2014-05/cp140070en.pdf 

[3] https://gdpr.eu/article-17-right-to-be-forgotten/ 

icon - /uploads/s/f/k/z/fkzirgtafsq5/file/full_6QEXO1Dt.svg
phone
location
AZ1014, Baku, Azerbaijan, 37 Fuzuli str., Park View Business Center, 5th
email
 
© 2023 Turan Legal and Tax Services LLC.